
Verilən məlumata görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edir. Gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin təbliğinin genişləndirilməsi, Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılması elan edilən müsabiqənin əsas məqsədlərindəndir. Lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqə də məhz bu janrı əhatə edir. Müsabiqədə 16-29 yaşı olan gənclər iştirak edə bilər. Bunun üçün iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir. Təqdim edilən rəsm əsərinə müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunur. İştirakçı vərəqəsinin nüsxəsini www.mys.gov.az saytından, eləcə də müsabiqə üçün rəsm əsərlərinin toplandığı ünvandan əldə etmək mümkündür.






